109 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəb 760 yerlik korpusdan ibarətdir. Məktəb bir növbəli və beşgünlük iş rejimi ilə işləyir və 2014/2015-ci tədris ilində 26 sinifdən (542 şagird) ibarətdir. Müəllimlərin sayı 87, şagirdlərin sayı 542 nəfərdir. Keçən il Ulu öndərimiz Heydər Əliyevin 91 illiyi ilə əlaqədar tərtib olunmuş tədbirlər planına əsasən bütün fənlər üzrə yanvar, fevral, mart, aprel və may aylarında hər ayın II ongünlüyündə innovativ dərslər keçirilməsi nəzərdə tutulmuşdur. Bütün tədbirlərdə proyeksiya qurğularından istifadə etməklə İKT tətbiq olunmuşdur. I-VII siniflərdə şagirdlərin qiymətləndirilməsi ilə bağlı hər həftə seminarlar keçirilir və Təhsil Nazirliyinin qüvvədə olan təlimatına uyğun izahat işi aparılır və müəllimlər bu tədbirlərin keçirilməsindən çox razı qalırlar. Son beş ildə məktəbin məzunlarının ali məktəblərə qəbul faizi uyğun olaraq 51,3 %, 55,35%, 51%, 56,8% olmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati-pedaqoji kompleks tədbirlər həyata keçirilir. Son 5 ildə məktəbin pedoqoji kollektivinin hər bir üzvü, ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin ibtidai sinif müəllimlərindən 10 nəfəri, digər fənlərdən isə 35 nəfərə yaxını, günün tələblərinə cavab verə bilən, müasir təhsil rejimində işləməyi bacarırlar. Məktəb müəllimlərinin İKT –dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında iştirak edirlər. Məktəbə 2005-ci ildən bu günə qədər rəhbərlik edən Xudiyev Füzuli Vəli oğlu özü daim axtarışda olmaqla, rəhbərlik etdiyi pedaqoji və şagird kollektivini də bu istiqamətdə aparmağa qadirdir. Məktəbin pedaqoji kollektivi Respublikada gedən sürətli, dinamik inkişafa uyğun olaraq ölkənin yeraltı və yerüstü kapitalını insan kapitalına çevirmək üçün əlindən gələni edir və gələcəkdə də bu istiqamətdə işlərini təhsil strategiyasında göstərildiyi kimi uğurla davam etdirəcəkdir.